MARKETİNQ

25 İyul

Saymon Stil: Bu gün görülən işlər qlobal iqlim probleminin qarşısını almağa xidmət edir

Bu gün görülən işlər qlobal iqlim probleminin qarşısını almağa xidmət edir.

Fins.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.

O, gənclərin iqlim dəyişikliyinə qarşı prosesdə iştirakını dəstəkləmək üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib:

“Mən iqlim böhranını həll etmək səlahiyyətinə malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz işlər - bəzi ləng və çox mürəkkəb proseslər bütün dünyanın üzləşdiyi iqlim probleminin qarşısını almağa xidmət edir. Həmişə gənclərimizin enerjisi, yaradıcılığı, ideyaları, prosesə bağlılığı məni heyrətə gətirir və açıq şəkildə bildirirəm ki, Katibliyin mandatı çərçivəsində gənclərin prosesə qoşulmasını dəstəkləmək üçün lazım olan hər şeyi edəcəyəm”.

S.Stilin fikrincə, iqlim dəyişikliyinə qarşı mübarizədə 198 ölkə yeni maliyyə hədəfləri ilə bağlı razılığa gəlməlidir:

“Dubayda keçirilən COP28 bizdə böyük gözləntilər yaratdı və 2030-cu ilə qədər biz bu gözləntilərin müəyyən hissəsinin həyata keçirildiyini görmək istəyirik. Bakıda keçiriləcək COP29-da prosesi irəliyə doğru aparmalıyıq. Maliyyə bu ilin əsas mövzusudur və Azərbaycanın sədrliyindən bunu dəstəkləmək və asanlaşdırmaq, 198 ölkənin yeni maliyyə hədəfinin necə görünməsi ilə bağlı razılığa gəlməsi tələb olunur. Buna paralel olaraq, cari ildə nəyin inkişaf edəcəyi və gələn il Braziliyada nələrin təqdim ediləcəyi iqlim planlarının yeni mərhələsidir.

Bu planlar milli səviyyədə müəyyən edilmiş tədbirlərdən ibarətdir. Emissiyaları 2030-cu ilə qədər iki dəfə azaltmalıyıq. COP28, 29 və 30 birləşərək harada olduğumuzu müəyyənləşdirməyi, kursun düzəldilməsini və bu iddialı, lakin zəruri hədəflərə çatmağı tələb edir. Tərəflərin hər birinin yerinə yetirməli olduğu məsuliyyəti var. COP olaraq bizim də öz məsuliyyətimiz mövcuddur”.
 

Kaira Ağayeva 

Fins.az