BAZAR

21 Avqust

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər AÇIQLANIB

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşınmasından 276 189,4 min manat gəlir əldə olunub, bu isə illik müqayisədə 2,6% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 283 558,9 min manat olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə tranzit yük daşınmasından əldə olunan gəlir 177 003,4 min manat təşkil edib ki, bu da illik müqayisədə 1,2% azalma ilə nəticələnib.

Bu ilin birinci yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub. Müvafiq olaraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% və 2,4% artım müşahidə edilib.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə isə 181,1 min ton təşkil edib.

Yük daşınmasının 7 506,7 min tonu (45,8%) dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu (30,5%) avtomobil nəqliyyatı, 3 896,5 min tonu (23,7%) isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2%-i (9 707,6 min ton) tranzit yüklər olub.