Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 2,2 min ton itki olub, bu da illik müqayisədə 29,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,7 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,7% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.