TURİZM

28 Noyabr

Bu ilin 10 ayında Özbəkistandan Azərbaycana turist axını 36% artıb

Özbəkistan Turizm Həftəsi çərçivəsində 27-29 noyabr 2025-ci il tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanları nümayiş etdirilir.

Finss.az xəbər verir ki, Daşkənd şəhərində keçirilən “TITF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri və birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosu və Özbəkistan Milli PR Mərkəzi arasında keçirilən görüşdə mövcud tərəfdaşlıq çərçivəsində İpək Yolu irsinin tanıdılması, regional əməkdaşlığın gücləndirilməsi və ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.

“Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla 12 yerli turizm şirkəti sərgidə ölkəmizin tarixi-mədəni irsi, milli mətbəxi, şərabçılıq ənənələri, sağlamlıq və qış turizmi üzrə imkanlar barədə ziyarətçilərə məlumat verir. Həmçinin beynəlxalq turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Məşvərət Komitəsinin ilk iclasında, noyabrın 27-də isə İslam Əməkdaşlıq Təşkilatının Turizm Forumunda iştirak edib.

Qeyd edək ki, Azərbaycan bu il “TITF 2025”in “Tərəfdaş Ölkəsi” seçilib. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 50 971 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artım deməkdir.

Fuad Mədətov
Finss.az