Cəmiyyət

13 Yanvar

İmişli və Beyləqanda heyvan bazarları baytarlıq-sanitariya tələblərinə uyğun yenidən qurulub

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Artıq İmişli və Beyləqan rayonlarında yerləşən heyvan bazarlarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.

AQTA-dan Finss.az-a verilən məlumata görə, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib.

Bundan başqa, qida təhlükəsizliyinin təmin olunması və sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə hər iki bazarın ərazisində fəaliyyət göstərən iaşə obyektləri kənarlaşdırılıb. İmişli və Beyləqan heyvan bazarlarının açılması məsələsinə baxılacaq.

Fuad Mədətov
Finss.az