SOSİUM

10 Yanvar

Vüqar Bayramov: Yeni vergi dəyişiklikləri ilə inşaat şirkətlərinin mənfəət vergisi yükü azalır

Finss.az - "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşib. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb ki, yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək. Onun sözlərinə görə, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Məsələn, əgər mənzilin qiyməti 150 min manatdırsa, amma işin yerinə yetirilmə həcmi 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Bu halda, bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Gəlir nə qədər çox olursa, ödənilən vergi məbləği də o qədər artır.

Yeni dəyişikliklər, xüsusilə inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərin qiymətində azalma ola bilər və həmin mənzillər daha optimal qiymətə təklif edilə bilər. Çünki artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınaraq vergi hesablanacaq.