Dünyanın aparıcı xüsusi çip istehsalçısı olan Tayvan Semiconductor Manufacturing Company (TSMC) ABŞ-ın Arizona ştatında süni intellekt çiplərinin istehsalı üzrə əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Finss.az xəbər verir ki, bu addım ABŞ-da yüksək texnologiyalı istehsalın artırılmasına yönəlmiş strateji təşəbbüslərin bir hissəsi kimi qiymətləndirilir.
Qəzetin mənbələrinə görə, TSMC-nin bu planları ABŞ və Tayvan arasında müzakirə olunan mümkün ticarət razılaşmasının tərkib hissəsi ola bilər. Bildirilir ki, Amerika rəsmiləri artıq bir neçə aydır Tayvan tərəfi ilə danışıqlar aparır. Tramp administrasiyası ABŞ ərazisində daha çox yarımkeçirici və yüksək texnologiyalı istehsal qurmaq niyyətindədir, Tayvan isə ABŞ-ın öz məhsullarına tətbiq etdiyi tariflərin azaldılmasına çalışır.
Qeyd edək ki, TSMC Tayvanın ən böyük şirkəti olmaqla yanaşı, təxminən 1,4 trilyon dollar bazar kapitallaşması ilə dünyanın ən iri texnologiya şirkətlərindən biri hesab olunur. Şirkətin Arizonadakı investisiyalarının genişlənməsi ABŞ-ın yarımkeçirici sənayesində mövqeyini gücləndirə və süni intellekt texnologiyalarının inkişafına ciddi töhfə verə bilər.
Analitiklərin fikrincə, bu cür layihələr qlobal çip bazarında istehsal zəncirinin şaxələndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
