ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında Venesuela neft sektorunda kəskin azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, hesabatda ABŞ-ın Venesuela neft ixracatına tətbiq etdiyi blokadanın ölkədə neft istehsalının azalmasına səbəb olduğu bildirilir.
Sənəddə qeyd olunur ki, Venesuela sahilləri yaxınlığında neft tankerlərinin blokadaya alınması və ələ keçirilməsi ölkənin neft ixracatının böyük hissəsini faktiki olaraq dayandırıb. Bu vəziyyət istehsal həcmlərinə birbaşa mənfi təsir göstərib.
EIA-nın hesablamalarına əsasən, hazırda təxminən 0,6 milyon barel/gün neft ixracatı dayandırılıb və eyni həcmdə istehsal da həyata keçirilmir. Hesabatda vurğulanır ki, dayandırılan bu həcmin əsas hissəsi Çinə ixrac üçün nəzərdə tutulmuşdu.
Analitiklərin fikrincə, Venesuelaya qarşı tətbiq olunan bu məhdudiyyətlər qlobal neft bazarında təchizat balansına təsir göstərə bilər və ölkənin enerji sektorunda vəziyyəti daha da gərginləşdirə bilər.
