DÜNYA

14 Yanvar

Neft qiymətlərinin enişi ABŞ-da hasilata təsir göstərəcək

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına əsasən, ölkədə neft hasilatı 2025-ci ildə rekord səviyyəyə çatacaq.

Finss.az xəbər verir ki, agentliyin proqnozuna görə, ABŞ-da gündəlik neft istehsalı 13,61 milyon barel təşkil edəcək.

Bu göstərici EIA-nın dekabr ayında açıqladığı proqnozla üst-üstə düşür və ABŞ neft sektorunda yüksək istehsal tempinin davam etdiyini göstərir. Agentlik eyni zamanda 2026-cı il üçün proqnozunu 60 min barel artıraraq 13,59 milyon barelə çatdırıb. Bu isə 2025-ci ilin sonuna doğru hasilatda simvolik 20 min barel azalma gözləntisini ifadə edir.

Bununla belə, EIA ABŞ-da neft hasilatının azalmasının 2027-ci ildə daha da sürətlənəcəyini proqnozlaşdırır. Agentliyin analitiklərinə görə, həmin il neft istehsalı təxminən 350 min barel azalaraq 13,25 milyon barel/gün səviyyəsində olacaq.

Hesabatda qeyd olunur ki, neft qiymətlərinin davamlı enişi fonunda qazma fəaliyyətinin zəifləməsi istehsalın artım tempini üstələyəcək. Nəticədə, qazma məhsuldarlığındakı artım hasilatdakı ümumi azalmanı kompensasiya edə bilməyəcək.

Ekspertlər hesab edirlər ki, bu tendensiya yaxın illərdə ABŞ neft bazarında struktur dəyişikliklərinə səbəb ola bilər.