DÜNYA

31 Oktyabr

İran və Rusiya gömrük üzrə əməkdaşlıq sənədi imzaladı - FOTO

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində İran və Rusiya arasında gömrük məsələləri üzrə əməkdaşlıq sənədi imzalanıb.

Fins.az xəbər verir ki, sənədi Rusiya Federal Gömrük idarəsinin baş direktoru Ruslan Davidov və İranın Gömrük Administrasiyasının baş direktor müavini Forud Əsgəri imzalayıblar.

Əməkdaşlıq sənədinə əsasən, iki ölkə arasında gömrük işçi qrupu yaradılacaq.

İşçi qrupu gömrük əməkdaşlığına dair məsələləri tez bir zamanda həll etməyə və İran və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin sadələşdirilməsi ilə bağlı məsələləri mütəmadi şəkildə müzakirə etməyə imkan verəcək.

Qrupun ilk iclasının 2024-cü ilin ilk rübündə keçirilməsi planlaşdırılır.

İranın Gömrük Administrasiyasının baş direktor müavini Forud Əsgəri bildirib ki, əməkdaşlıq sənədi iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına öz töhfəsini verəcək.

Əsgəri bildirib ki, əməkdaşlıq sənədi çərçivəsində iki ölkənin sərhəd gömrüklərində xarici mübadilələr sürətli şəkildə həyata keçiriləcək.

“Təşkil olunacaq işçi qrupu iki ölkə arasında idxal, ixrac və tranzit üzrə qarşıda duran maneələrin tezliklə aradan qaldırılmasına çalışacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2023) ərzində İranın Rusiya ilə qeyri-neft ticarət dövriyyəsi təxminən 1,37 milyard dollar dəyərində təxminən 2,88 milyon ton təşkil edib. 6 ayda İranın Rusiya ilə qeyri-neft ticarət dövriyyəsi ötən ilin analoji ayı ilə müqayisədə dəyər baxımından 12,4%, çəki baxımından 38,2% artıb.