DÜNYA

30 Oktyabr

Mayk Pens ABŞ prezidentliyi yarışından geri çəkilib

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bir zamanlar vitse-prezident olduğu Donald Trampa qarşı aylardır maliyyə çətinlikləri ilə mübarizə apardığı seçki kampaniyasını başa vurub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Respublikaçı seçiciləri Trampa ən yaxşı alternativ olduğuna inandırmağa aylar sərf edən Pens ayın 28-i Las-Veqasda Respublikaçı Yəhudi Koalisiyasının donor konfransında gözlənilməz bir bəyanatla namizədlikdən geri çəkildiyini elan edən ilk əsas namizəd olub. Tramp açıq şəkildə prezidentlik yarışında liderlik edir.

"Son 6 ay ərzində ölkəni gəzdikdən sonra bura gəldim. Bu, mənim vaxtım deyil. Çoxlu dua və düşündükdən sonra prezidentlik kampaniyamı bitirmək qərarına gəldim", - Pens deyib.

Pens çıxışında hər hansı namizədi dəstəkləməkdən çəkinsə də, seçiləcək şəxsin ölkəni “mehribanlıqla” idarə edən birisi olması lazım olduğunu bildirib. Bu sözlər ABŞ ictimaiyyəti tərəfindən Trampa qarşı tənqid kimi qəbul edilib.

Pens iyun ayında prezidentliyə namizədliyini elan edib. Lakin, namizədliyini davam etdirmək üçün kifayət qədər seçici və donor dəstəyi ala bilməyib.

 

Günel Məlikzadə
Fins.az