Rusiyanın Ukraynaya təcavüzündən sonra Çin və Rusiya arasında artan ticarət alüminium tərəfində daha aydın görünür. Çinin Rusiyadan alüminium alışı sentyabrda ardıcıl üçüncü aydır ki, rekord qırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, qərb ittifaqının alüminiuma birbaşa embarqosu olmasa da, bəzi qərb şirkətlərinin etik cəhətdən Rusiyadan alışını dayandırdığı, bəzilərinin isə sanksiyalara görə ödəniş etməkdə çətinlik çəkdiyi üçün Rusiya əvəzinə başqa istehsalçılara keçdiyi bildirilib.
Bu mühitdə Çinin rus alüminiumunu sərfəli qiymətlərlə aldığı və sentyabrda idxal rəqəminin 153 min tona çatdığı vurğulanıb. İlin əvvəlindən alış həcmi əvvəlki ilə nisbətən 3 dəfə artaraq 800 min tona çatıb. Bu səviyyə Çin idxalının 80 faizinin Rusiya tərəfindən qarşılandığını göstərir.
Bildirilir ki, bəzi Çin şirkətləri də fyuçers bazarında arbitraj imkanları yaratmaq üçün endirimlə alınan Rusiya alüminiumundan istifadə edir.
Günel Məlikzadə
Fins.az