DÜNYA

19 Oktyabr

Qəzzaya humanitar yardım yolu açılıb

ABŞ prezidenti Co Bayden İsrailin Misirdən Qəzzaya humanitar yardım göndərilməsini qəbul etdiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,Təl-Əvivi tərk etməzdən əvvəl verdiyi açıqlamada Bayden İsrailin Qəzzanın cənubundakılara qida və su axınının qarşısını almayacağını bildirib.

Bayden Qəzza və İordan çayının qərb sahilinə 100 milyon dollarlıq humanitar yardımın veriləcəyini də açıqlayıb.

Jurnalistlərə danışan Bayden, Pentaqonun ona Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxana partlayışına görə İsrailin məsuliyyət daşımadığını göstərən dəlillər göstərdiyini söyləyib.

Bayden ABŞ vaxtı ilə dünən axşam Oval kabinetdə "Həmasın İsrailə qarşı terror hücumlarına və Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsinə ABŞ-ın cavabını izah etmək" üçün çıxış edəcək.

İsrail hökuməti də bu yardımın HƏMAS-a yönəlməməsi şərti ilə humanitar yardımın keçidini qəbul etdiyini bildirib.

Digər tərəfdən, İngiltərənin baş naziri Rişi Sunak bu gün İsrailə səfər edir. İngiltərə baş nazirliyindən verilən açıqlamada Sunakın İsrail Baş naziri Binyamin Netanyahu və prezident İsaak Hersoqla görüşlər keçirəcəyi, daha sonra "bir sıra digər bölgə paytaxtlarına" səfər edəcəyi bildirilib.

Günel Məlikzadə
Fins.az