DÜNYA

10 Oktyabr

Almaniya Türkiyədən təbii qaz almaq fikrindədir

“Akşam” qəzeti Türkiyənin Energetika Nazirliyindəki mənbələrə istinadən yazır ki, Almaniya Türkiyədən təbii qaz almaq istəyir və müvafiq ərizə təqdim edib.

"Avropa ölkələri ötən qış həm təbii qazın tədarükü, həm də onun qiymətlərinin həddən artıq baha olması ilə bağlı böyük çətinliklərlə üzləşdilər. Bu baxımdan ən böyük narahatlığı Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada sənayeçilər yaşadılar. Mənbə axtarışlarını davam etdirən Almaniya Türkiyədən təbii qaz almaq istəyir. Energetika və Təbii Sərvətlər Nazirliyinin mənbələrindən alınan məlumata əsasən, Almaniyanın Türkiyədən təbii qaz almaq üçün müraciəti var”, - nəşr yazır.

“Yeni Şafak” qəzeti də öz növbəsində “enerji təhlükəsizliyini təmin etmək üçün enerji mənbələrini şaxələndirməyə çalışan digər Mərkəzi Avropa ölkələrinin Türkiyənin qapısını döyəcəyi” proqnozunu bölüşüb.

“Axı, Ukrayna və Rusiya arasında müharibə nə qədər uzanarsa, enerji infrastrukturu zəif olan bir çox Avropa ölkələrinin enerji defisitini aradan qaldırmaq bir o qədər çətin olacaq. Beynəlxalq boru kəmərləri, saxlama anbarları və LNG terminallarının olması sayəsində mühüm təbii qaz ticarət mərkəzinə çevrilən Türkiyə qaz çatışmazlığı olan ölkələr üçün mühüm qaz tədarükçüsüdür. Bu günə qədər Türkiyə dörd Avropa ölkəsinə (Bolqarıstan, Macarıstan, Rumıniya və Moldova) təbii qaz ixracına dair müqavilələr imzalayıb”, – qəzet qeyd edir.