DÜNYA

05 Oktyabr

D.Trampın “fırıldaqçılıq işinə" görə məhkəmədə 3-cü günü

Tramp Manhettendə ştatın Ali Məhkəməsində keçirilən məhkəmə prosesinin üçüncü günündə iştirak edib. Floridadakı malikanəsinə qayıtmaq üçün nahar fasiləsi zamanı məhkəməni tərk edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, çıxışda jurnalistlərə açıqlama verən Tramp, işə sədrlik edən hakim Artur Engoronu haqqında deyib:

"Hakim nə qərar verəcəyini artıq bilir, o, demokrat hakimdir”.

Tramp həmçinin Nyu-Yorkun baş prokuroru Letitia Ceymsi "saxta iddia" açdığına görə tənqid edərək bildirib:

"Hal-hazırda Ayova, Nyu-Hempşir, Cənubi Karolina və ya Ohayoda olmağı üstün tuturam. Amma burada ilişib qalmışam. Bir korrupsioner baş prokuror var ki, onları məşğul saxlamaq üçün Ədliyyə Departamenti ilə əlaqə saxlayıb. Çünki mən (Prezident Co) Baydeni sorğularda böyük fərqlə qabaqlayıram" .

Məhkəməyə gəlmək məcburiyyətində olmadığı halda niyə dinləmələrə qatıldığını soruşduqda Tramp, "Çünki mətbuata bunun nə qədər korrupsioner olduğunu göstərmək istədim. Bunu edə biləcək başqa heç kim yoxdur" - deyib.

Günel Məlikzadə
Fins.az