DÜNYA

02 Oktyabr

Aİ-nin xarici işlər nazirləri ilk dəfə Kiyevdə görüşüblər

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial media platformasında açıqlamasında bildirib:

“Ukraynanın gələcəyi Aİ-dədir”.

Fins.az xəbər verir ki, qeyri-rəsmi görüşün girişində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell, nazirlərin müharibə ilə bağlı son vəziyyəti və Ukraynaya verilən dəstəyi müzakirə edəcəklərini bildirib.

Borrell vurğulayıb ki, bütün üzv ölkələrin nazirləri Kiyevdə toplaşıb və Ukraynanı dəstəkləmək əzmində olduqlarını nümayiş etdiriblər.

Bir jurnalistin ABŞ-ın müvəqqəti büdcə layihəsində Ukraynaya yeni hərbi yardım paketinin olmaması ilə bağlı sualına cavab olaraq Borrell deyib:
"Bu müharibənin bütün dünya üçün dərin nəticələri var. Dünyadakı hər kəsə belə görünməyə bilər. Lakin biz avropalılar üçün bu müharibə ekzistensial təhlükədir".

Görüşdüyü ABŞ rəsmilərinin də dəstəyini davam etdirmək istədiklərini gördüyünü ifadə edən Borrell, bu qərarın yenidən qiymətləndiriləcəyinə əmin olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az