DÜNYA

31 Avqust

Rusiya maye qazının ən böyük alıcıları Avropa İttifaqı ölkələridir

Beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness”in və “Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi”nin (CREA) məlumatlarına görə, Rusiya maye qazının ən böyük alıcıları Avropa İttifaqı ölkələridir.

Fins.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Aİ ölkələri son vaxtlar Rusiyadan müharibədən əvvəlkindən daha çox maye qaz idxal edir.

Məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında Rusiyanın maye qaz ixracatında Aİ ölkələrinin payı 39 faiz olduğu halda, bu nisbət 2022-ci ildə 49 faizə, 2023-cü ildə isə 52 faizə yüksəlib. Beləliklə, Aİ ölkələri müharibəyə baxmayaraq, Rusiya maye qazının yarıdan çoxunu satın alır.

Aİ ölkələri yanvar-iyul aylarında Rusiyadan cəmi 13,2 milyard kubmetrlə rekord miqdarda maye qaz idxal edib. Aİ-nin maye qaz idxalı müharibədən əvvəl 2021-ci ilin eyni dövründə 9 milyard kubmetr səviyyəsində idi. Belə ki, bu ilin 7 ayında Aİ ölkələri tərəfindən Rusiyanın maye qaz idxalı müharibədən əvvəlki səviyyəyə görə 46,6 faiz artıb.

Bundan əlavə, Aİ ölkələri 7 ayda maye qaz idxalına görə Rusiyaya təxminən 5,3 milyard avro ödəyib.

Aİ ölkələri arasında Rusiya maye qazının alınmasında birinci yeri İspaniya və Belçika tutub. Bu dövrdə Rusiyanın ümumi maye qaz satışlarının 18 faizi İspaniyaya, 17 faizi isə Belçikaya həyata keçirilib.

Rusiya qlobal maye qaz ixracatında Avstraliya, ABŞ və Qətərdən sonra dördüncü yerdədir.

Aİ ölkələri ümumi maye qaz idxalının 44 faizini ABŞ-dan, 17 faizini Rusiyadan və 13 faizini Qətərdən həyata keçirib.

Qeyd edək ki, Aİ keçən il yeni enerji strategiyası hazırlamışdı. Bu kontekstdə Aİ 2027-ci ilə qədər mədən yanacaqlarında Rusiya asılılığından tamamilə qurtulmağı planlaşdırırdı. Bununla belə, Aİ-nin Rusiyadan maye qaz idxalının artması qarşıya qoyulan hədəflə uyğunsuzluğu üzə çıxarır.