2023-ci ilin iyul ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 45 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 134,3 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 10,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin iyul ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (30) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 129,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin iyul ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 22 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.