Özbəkistan Orta Dəhlizin aşırma imkanlarının 1,5 milyon tonadək artırılmasında maraqlıdır.
Fins.az xəbər verir ki, bunu Özbəkistanın Nəqliyyat Nazirliyi yanında nəqliyyat və logistikanın inkişafı problemlərinin öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında daşınan yüklərin həcmi dinamik şəkildə artır və bu kontekstdə Orta Dəhliz açar rolunu oynayır.
"Həmçinin, qeyd etmək istəyirəm ki, Heydər Əliyev adına Bakı Gəmiqayırma Zavodu Özbəkistan üçün müxtəlif gəmilər istehsal edə bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən və regionun müxtəlif ölkələrindən keçən nəqliyyat və ticarət marşrutudur. Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Marşrut daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya uzanır.
©Trend