Çərşənbə günü Çin ABŞ-ın kosmos sahəsində “SpaceX” və “Blue Origin” şirkətlərinin üstünlüyünə meydan oxuyan addım atıb. Belə ki, bu ölkənin özəl “LandSpace” müəssisəsi tərəfindən hazırlanmış dünyanın ilk metanla işləyən raketi kosmosa buraxılıb.
Fins.az Çin KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin özəl aerokosmik sektoru 2023-cü ildə “Juque-2” raketinin buraxılması ilə nəzərəçarpacaq bir mərhələyə çatıb və aprel ayında “Space Pioneer” kompaniyasının “Tianlong-2” peyki bu uğurlara əlavə edilib.
Pekində yerləşən CGTN telekanalı xəbər verir ki, metanla işləyən raket Çinin şimal-qərbindəki Jiuquan peyk buraxılış mərkəzindən kosmosa buraxılıb.
Bundan əvvəl maye oksigen və metanla işləyən iki raket – “Terran 1” və “SpaceX” kompaniyasının “StarShip” kosmik gəmisinin kosmosa göndərilməsi uğursuz olub. Çinin raketi yanacaq qismində maye metan və oksidləşdirici kimi maye oksigendən istifadə edir. Metan təkrar istifadə oluna bilən, toksik olmayan və əhəmiyyətli güc verən yanacaq növüdür. Metanla işləyən mühərriklər təkrar istifadə oluna bilən raketlər üçün yüksək keyfiyyət və xərc üstünlükləri təklif edir, lakin onların gücündən istifadə etmək mürəkkəb məsələdir.
“Juque-2” raketi də ötən ilin dekabrındakı uğursuz cəhddən sonra ikinci sınaq uçuşunu həyata keçirib. Mövcud missiya simulyasiyalar, yer sınaqları və mühərrik sınaqları vasitəsilə təsdiqlənmiş yeni texnoloji həllərdən ibarətdir.