DÜNYA

20 İyun

Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasına daxil olub

2023-cü ilin ilk beş ayında Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasına daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti "Sakstat" məlumat yayıb.

Məlumata əsasən, bu ilin beş ayı ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 8,3 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

Yanvar-may aylarında Gürcüstanın ixracı 2,5 milyard dollardan çox (artım 18,6%), idxalı isə təxminən 5,9 milyard dollar (artım 19,1%) olub.

Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasına Türkiyə (ticarət dövriyyəsi 1,1 milyard dolları ötüb, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 16 faiz çoxdur), Rusiya (1 milyard dollardan çox, 38,4 faiz artım), Çin (623 milyon dollar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır), Azərbaycan (612 milyon dollardan çox, artım 7,3%) və ABŞ (610,2 milyon dollar) daxil olublar.

Bundan əlavə, cari ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan idxalı artırıb. Belə ki, müvafiq dövrdə Azərbaycan Gürcüstandan 336,5 milyon dollar dəyərində məhsul idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,2% çoxdur.