ABŞ Maliyyə Nazirliyi may ayı üçün büdcə hesabatını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin 8-ci ayında (may ayı ərzində) federal hökumətin büdcə kəsiri 240 milyard dollar təşkil edib.
Federal hökumətin keçən ilin eyni ayında 66 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 263 faiz artıb. Bu dövrdə büdcə kəsiri ilə bağlı bazar gözləntisi 236 milyard dollar idi.
Hökumətin gəlirləri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 21% azalaraq 307 milyard dollara düşüb, xərcləri isə 20% artaraq 548 milyard dollara yüksəlib.
2023-cü maliyyə ilinin 8-ci ayı ərzində (oktyabr-may) ABŞ-ın büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 173% artaraq 1 trilyon 165 milyard dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 426 milyard dollar səviyyəsində olub.
Maliyyə ilinin ilk 8 ayında xərclər keçən ilin eyni dövrünə görə 9% artaraq 4 trilyon 159 milyard dollara çatıb, gəlirlər isə 11% azalaraq 2 trilyon 994 milyard dollara düşüb.
Zəminə Hüseyn
Fins.az