DÜNYA

04 Oktyabr

Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imtina etmişdi. Onun yerinə şirkət Face ID texnologiyasına keçid etdi. Həmin vaxtdan indiyənə kimi Apple şirkətinin öz smartfonlarında Touch ID texnologiyasına geri qayıdacağı barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Lakin Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən şirkətin sözügedən texnologiyaya geri qayıtma ehtimalı çox azdır. Mark Gurman-ın vermiş olduğu yeni məlumatda qeyd edilib ki, Apple Touch ID texnologiyasının iPhone-lara inteqrasiyası üzrə müxtəlif üsulları test edib. Onların arasında texnologiyanın iPad Air və iPad mini-də olduğu kimi yandırıb/söndürmə düyməsinə və ekranın alt hissəsinə inteqrasiyası olub.

Mark Gurman-ın fikrincə Apple tərəfindən bu texnologiyanın müxtəlif üsullar vasitəsilə test edilməsinə baxmayaraq çətin ki, şirkət yaxın gələcəkdə iPhone modellərində Touch ID-ə geri dönüş etsin. “Son illərdə Apple şirkətində Touch D texnologiyasının flaqman iPhone modellərinə geri qaytarılması mövzusu üzrə müzakirələr aparılıb. Şirkət ekrana və hətta yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş Touch ID-ni test edib. Hal hazırda mənim fikrimcə Face ID texnologiyası olduğu kimi qalacaq, Touch ID isə flaqman iPhone modellərinə geri dönməyəcək. Hər halda yaxın gələcəkdə bu belə olacaq” - deyə Mark Gurman qeyd edib.