Bu günlərdə Türkiyədə səfərdə olan İraqın Baş naziri Mustafa Kazımi Ankarada bir qrup türkiyəli iş adamı ilə görüşündə onları ölkəsinə sərmayə yatırmağa səsləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb
İraq hökumətinin başçısı bildirib ki, rəsmi Bağdad neft və təbii qazın ixracından asılılığı azaltmaq üçün ölkə iqtisadiyyatını şaxələndirməyə çalışır və bu məqsədlə xarici iş adamları, o cümlədən türk biznesmənləri üçün əlverişli iş şəraiti yaratmaq niyyətindədir. M.Kazımi bu istiqamətdə artıq bir sıra hüquqi və praktiki tədbirlərin görüldüyünü, xüsusilə bürokratik əngəllərin aradan qaldırılması üçün konkret addımların atıldığını vurğulayıb.
Qeyd edək ki, İraqın Baş naziri Ankaraya Türkiyə Prezidentinin dəvəti ilə gəlib və qardaş ölkədə cənab Rəcəb Tayyib Ərdoğanla, həmçinin bir sıra başqa dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib. Tərəflər iki ölkə arasında hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
“Yeni Şafak” qəzeti yazır ki, İraq rəsmilərinin Türkiyəyə səfərində milli təhlükəsizlik sahəsində bir sıra önəmli razılaşmalar əldə edilib. Qəzetin yazdığına görə, Baş nazirin Ankarada keçirdiyi görüşlərdə Ovaköy-Fişhabur sərhəd qapısı və Bağdada ikinci ticarət yolunun açılması məsələləri də müzakirə olunub.
Müzakirə zamanı bölgədə PKK terror təşkilatına qarşı birgə mübarizə də yer alıb. Terrorçuların İraqdan Suriyaya keçid kimi istifadə etdikləri Sincar bölgəsində PKK-nın mövcudluğuna birdəfəlik son qoyulmasının önəmi vurğulanıb.
Türkiyə rəsmiləri rəsmi Bağdadın və Şimali İraq Kürd Regional Rəhbərliyinin Sincarda PKK-ya qarşı apardıqları əməliyyatlara dəstək verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, İraq əhalisi ölkədə son illər tez-tez baş verən ağır terror aktları və zorakılıqlardan ciddi əziyyət çəkir. M.Kazıminin rəhbərlik etdiyi yeni hökumət ölkədə siyasi sabitliyi təmin etmək, iqtisadiyyatı inkişaf etdirmək üçün müəyyən işlər görür. Göründüyü kimi, bu addımlar Türkiyə tərəfindən də dəstəklənir.