BİZNES

28 Noyabr

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər Naxçıvanın iqtisadi inkişafını sürətləndirəcək – Eyyub Kərimli

Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər paketi həm fiskal dayanıqlığın güclənməsi, həm də biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətli addım olacaq.

Finss.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli vergi qanunvericiliyinə təklif olunan son dəyişiklikləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, dəyişikliklərin əsas hədəfi vergi yükünün optimallaşdırılmasırəqəmsal inzibatçılığın genişləndirilməsiinvestisiya fəaliyyətinin stimullaşdırılmasıdır:

“Bu yeniliklər sahibkarlıq üçün daha proqnozlaşdırıla bilən vergi mühiti yaradacaq və “kölgə iqtisadiyyatı”nın azalmasına müsbət təsir göstərəcək.”

Ekspert bildirib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində xüsusilə diqqət çəkən məqam Naxçıvan Muxtar Respublikasında tətbiq olunacaq vergi güzəştləridir. O hesab edir ki, işğaldan azad olunmuş ərazilər üçün müəyyən edilmiş vergi rejiminin Naxçıvana da şamil edilməsi regionun iqtisadi aktivliyini sürətləndirəcək.

Kərimli vurğulayıb ki, Naxçıvanda artıq hazır infrastrukturun mövcudluğu, fəaliyyətdə olan müəssisələr və əmək komplekslərinin işlək vəziyyətdə olması fonunda vergi güzəştləri daha qısa müddətdə müsbət nəticələr əldə olunmasına imkan yaradacaq.

E.Kərimli hesab edir ki, Naxçıvanda tətbiq olunacaq güzəştlər yerli sahibkarlığın inkişafını dəstəkləyəcək, həmçinin yeni investisiyaların cəlb olunmasına geniş şərait yaradacaq:

“Ümumilikdə, dəyişikliklər paketi vergi sisteminin daha çevik, müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasına xidmət edir və dövlət-biznes münasibətləri ilə vergi inzibatçılığına etimad mühitini gücləndirir.”

Onun fikrincə, bu addımlar regionlarda biznesin inkişafı ilə yanaşı, yeni iş yerlərinin yaranması, ixrac imkanlarının genişlənməsi baxımından da əhəmiyyət daşıyır. Naxçıvanın üç qonşu dövlətlə həmsərhəd olması səbəbindən, gələcəkdə burada fəaliyyət göstərəcək müəssisələrin ixrac imkanlarını daha da böyüdə biləcəyi, güzəştlərdən istifadə etməklə öz potensiallarını artıracağı vurğulanıb.

İqtisadçı bütün bu dəyişikliklərin Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin artmasına müsbət təsir edəcəyini qeyd edib. O bildirib ki, bu proses eyni zamanda ölkə iqtisadiyyatına, ümumi daxili məhsulun formalaşmasınaixrac potensialının yüksəldilməsinə əhəmiyyətli imkanlar açacaq.

Ekspert əlavə edib ki, gələcəkdə Zəngəzur dəhlizinin bir hissəsinin Naxçıvan ərazisindən keçməsi regionu böyük nəqliyyat qovşağına çevirəcək və bu, biznes mühitinin inkişafında mühüm rol oynayacaq. Bu baxımdan, bölgədə vergi güzəştlərinin tətbiqi biznes üçün, xüsusilə iri müəssisələrin yaradılması və dayanıqlığı üçün daha böyük fürsətlər yaradacaq.