BİZNES

28 Noyabr

DVX və İsveç Vergi Agentliyi süni intellekt və rəqəmsal vergi modellərini müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti İsveç Krallığına səfər çərçivəsində həmin ölkənin Vergi Agentliyində işgüzar görüşlər keçirib.

DVX-dən Finss.az-a verilən məlumata görə, səfərin əsas məqsədi təcrübə mübadiləsi, vergi inzibatçılığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.

Səfər çərçivəsində DVX nümayəndələri süni intellekt əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri, rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə keçirilən təqdimat və müzakirələrdə iştirak edib.

Bununla yanaşı, beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.