Dünya Bankının dekabr ayında dərc etdiyi Qlobal İqtisadi Perspektivlər hesabatında qlobal iqtisadi artımla bağlı yeni proqnozlar açıqlanıb.
Finss.az xəbər verir ki, bank 2026-cı ildə dünya iqtisadiyyatının 2,6%, 2027-ci ildə isə 2,7% artacağını gözləyir.
Qeyd edək ki, Dünya Bankı iyun ayında dərc etdiyi əvvəlki hesabatda qlobal ÜDM-in 2026-cı ildə 2,4%, 2027-ci ildə isə 2,6% artacağını proqnozlaşdırmışdı. Yeni qiymətləndirmə qlobal iqtisadi artım gözləntilərinin bir qədər yaxşılaşdığını göstərir.
Hesabatda bildirilir ki, davam edən ticarət gərginliyi və siyasət qeyri-müəyyənliyinə baxmayaraq, qlobal iqtisadiyyat gözləniləndən daha yüksək dayanıqlılıq nümayiş etdirir. Dünya Bankının fikrincə, artım tempi yaxın iki il ərzində ümumilikdə sabit qalacaq.
Bununla yanaşı, sənəddə xəbərdarlıq edilir ki, əgər mövcud proqnozlar reallaşarsa, 2020-ci illər 1960-cı illərdən bəri qlobal iqtisadiyyat üçün ən zəif artım dövrü kimi tarixə düşə bilər. Hesabatda vurğulanır ki, bərpa prosesinin ləng getməsi dünya üzrə həyat səviyyəsində fərqlərin artmasına səbəb olur.
Belə ki, 2025-ci ilin sonuna qədər demək olar ki, bütün inkişaf etmiş ölkələrdə adambaşına düşən gəlir 2019-cu il səviyyəsini keçsə də, inkişaf etməkdə olan ölkələrin təxminən dörddə birində bu göstərici azalmaqda qalır.
