2024-cü ildə iqtisadi aktivliyin davam etməsi və müddətli depozitlərin artması bank sektorunun balansının genişlənməsinə səbəb olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, il ərzində bank sektorunun aktivləri 8% və ya 4.03 milyard manat artaraq 53 milyard manata çatıb. Eyni dövrdə öhdəliklər də 8% (3.41 milyard manat) artaraq 46.4 milyard manat təşkil edib.
Nəticədə, bank sektorunun dərinliyini əks etdirən aktivlərin ÜDM-ə nisbəti 2 faiz bəndi artaraq 42%-ə yüksəlib.
2024-cü ilin sonuna olan göstəricilərə görə, bank sektorunun aktivlərinin 49%-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 24%-ni isə digər aktivlər təşkil edib. Öhdəliklərin strukturunda isə hüquqi şəxslərin depozitləri 50%, fiziki şəxslərin əmanətləri 31%, maliyyə institutlarına olan öhdəliklər 13% və digər öhdəliklər 6% olub.
Balansın genişlənməsi əsasən daha dayanıqlı maliyyələşmə mənbəyi sayılan müddətli depozitlər hesabına baş verib. Belə ki, 2024-cü ildə hüquqi şəxslərin müddətli depozitləri 29% (1.3 milyard manat), fiziki şəxslərin müddətli əmanətləri isə 25% (1.7 milyard manat) artıb. Bu artım cəmi depozit portfelindəki ümumi artımın 95%-ni təşkil edir.
Fuad Mədətov
Finss.az