TURİZM

28 Noyabr

Türkiyəli ekspertlər Lənkəranda aqroturizm potensialı ilə tanış olub

25–28 noyabr 2025-ci il tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib.

Finss.az xəbər verir ki, səfərdə Türkiyə Respublikasının Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumu, eləcə də Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssisləri iştirak edib. Görüşlər zamanı Türkiyənin Trabzon və Rizə bölgələrinin aqroturizm təcrübələri barədə ətraflı məlumat təqdim olunub.

Səfər çərçivəsində türkiyəli ekspertlər Lənkəran regionunun aqroturizm potensialı ilə yaxından tanış olublar. Onlar çayçılıq, fermer təsərrüfatları, bambuk plantasiyaları, apiterapiya və balıqçılıq təsərrüfatları, həmçinin Hirkan Milli Parkını ziyarət ediblər. Bununla yanaşı, bölgədə fəaliyyət göstərən aqroturizm müəssisələrinin nümayəndələri ilə görüş keçirilib və regionun mövcud təsərrüfatlarının potensialının araşdırılması və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər bu ilin 6 fevral tarixində Bakıda keçirilmiş Azərbaycan–Türkiyə Turizm üzrə Birgə Komissiyasının IV iclası çərçivəsində təsdiqlənən Fəaliyyət Planında yer alan “Aqroturizm Təcrübə Mübadiləsi və Sahə Səfəri Proqramı” üzrə tədbirlərin icrası məqsədilə həyata keçirilib.