Finss.az - 28 noyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (xəstəxana) media-tur təşkil olunub. Media-turun məqsədi media nümayəndələrini xəstəxanada icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır. Xəstəxananın direktoru Samir Namazov media-tur iştirakçılarına bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində xəstəxananın maddi-texniki bazası gücləndirilib və xidmətlərin növü genişlənib: “Xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur. Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır. Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin sözlərinə görə, xəstəxanada mütəmadi olaraq monitorinqlər həyata keçirilir və bu proses tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib: “Bu il ərzində burada 9 monitorinq aparılıb. Monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilir. Şəmkir rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur. Bu da bölgə sakinlərinin ehtiyac duyduğu xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır. Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilib”.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova sığortanın tətbiqindən sonra xəstəxanada icra edilən əməliyyatların əhatə dairəsinin genişləndiyini diqqətə çatdırıb: “Bu gün Şəmkirdə əvəllər icrası mümkün olmayan orqan və ya toxumanın çıxarılması ilə müşayiət olunan cərrahi əməliyyatlar (laparoskopik xolesistektomiya, sistektomiya, tireoidektomiya və s.) icra olunur. Xəstəxanada ötən ildən bu ilin iyul ayına qədər icbari tibbi sığorta hesabına 11 000-dən çox cərrahi əməliyyat icra olunub. Əməliyyatlar əsasən hamiləlik və doğuşla bağlı müdaxilələr, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, həmçinin zədələr və zəhərlənmələr üzrə həyata keçirilib”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, TƏBİB-in “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün “Mentor Klinika” layihəsinə start verilib: “Layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər.
Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur və biz hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək”.
Media-tur iştirakçıları icbari tibbi sığorta hesabına müalicə olunan vətəndaşları ziyarət edib, rəylərini öyrəniblər. Xəstəxanada Uşaq, Terapiya, Cərrahiyyə və Reanimasiya şöbələrinin fəaliyyəti ilə tanışlıq olub.
Daha sonra media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.









