SIĞORTA

28 Noyabr

2026-cı ildən fərdi sahibkarların sosial sığorta haqları gəlirdən 2% hesablanacaq

Məlum olduğu kimi, fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. Bundan irəli gələrək, “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur.

Dövlət Vergi Xidmətindən Finss.az-a verilən məlumata görə, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə (ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 faizi miqdarında sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir:

  • Bakı şəhərində 100 faiz,
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faiz,
  • Digər şəhərlərdə 80 faiz,
  • Rayon inzibati mərkəzlərində və qəsəbələrdə 60 faiz,
  • Kənd yerlərində 50 faiz.

Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda, fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi.

Lakin “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman:

  • Minimum məbləğ həddi: minimum əmək haqqının 15 faizi, yəni 60 manat,
  • Maksimum məbləğ həddi: minimum əmək haqqının 1 misli, yəni 400 manat olacaq.

Dəyişikliyi nümunələrlə izah edək:

  • Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın mövcud qanunvericiliyə görə ödədiyi aylıq sosial sığorta haqqı 100 manat təşkil edir. Qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Təklif olunan yeni modelə görə, aylıq gəlirə 2% dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq.
  • Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.
  • Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 3000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək.
  • Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.

Göründüyü kimi, gəlirin həcmindən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə, qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir.

Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid fərdi sahibkarların 80%-nin illik gəlirləri 60.000 manatadək olan şəxslərdir.

Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.

Fuad Mədətov
Finss.az