Noyabrın 28-də Xankəndidə “ANİMAFİLM Xankəndidə” adlı animasiya festivalı keçirilib.
Finss.az xəbər verir ki, tədbir Xankəndi 1 nömrəli körpələr evi–uşaq bağçasında baş tutub. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, festival Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunub. Çərçivəsində uşaqlar üçün animasiya film nümayişləri, interaktiv görüşlər və yaradıcılıq fəaliyyətləri həyata keçirilib.
Festivalın xüsusi qonağı əməkdar mədəniyyət işçisi, tanınmış animasiya rejissoru və rəssam Elçin Hami Axundov olub. O, Azərbaycan animasiyasının inkişaf istiqamətləri, yaradıcı proseslər və gələcək layihələr barədə danışaraq uşaqlarla interaktiv müzakirələr aparıb.
Təşkilatçı, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, festivalın əsas məqsədinin bölgədə uşaqların yaradıcı inkişafına dəstək vermək, animasiya mədəniyyətini təbliğ etmək və mədəni həyatın canlandırılmasına töhfə vermək olduğunu bildirib.





















