Siyasət

12 Avqust

Azərbaycanda 2024-cü ilin ilk yeddi ayında neft və qaz hasilatı artıb

Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu miqdardan 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,5 milyon tonu “Şahdəniz” yatağının, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton olub.

Finss.az xəbər verir ki, hesabat dövründə, təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca göndərilib.

Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşüb. 2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 589 ton olub. Bu miqdardan 65 min 681 ton xam neft, 14 min 908 ton isə kondensat təşkil edib.

Yanvar–iyul aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kubmetr və ya 4,6 faiz artımla, təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,9 milyard kubmetri “Abşeron” yatağından, 4,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr olub ki, bu da 1 il əvvələ nisbətən 5,7 faiz artımdır. 7 ay ərzində Türkiyəyə 5,8 milyard kubmetr, Avropaya 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən indiyədək 641,4 milyon ton neft (kondensatla birlikdə) və 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft və 224 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47 milyon ton kondensat və 225,5 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan indiyə qədər təxminən 639,5 milyon ton neft (kondensatla birlikdə) və 160,7 milyard kubmetr qaz ixraca yönəldilib.