RƏSMİ

13 Yanvar

Qazaxıstan TDT-də iqtisadi inteqrasiyanın lokomotivi kimi liderliyini göstərir

Finss.az - Son aylar Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində atılan addımlar türk dünyasının strateji gələcəyini formalaşdıran əsas amillərdən birinə çevrilməkdədir.

Bu prosesdə Qazaxıstan hər zaman olduğu kimi yenə də təşəbbüskar, əlaqələndirici və qabaqlayıcı mövqedən çıxış edərək ümumtürk iqtisadi əməkdaşlığının lokomotivi rolunu təsdiqləyir.

Astana şəhərində keçirilən Türk Ticarət və Sənaye Palataları İttifaqının 3-cü Baş Assambleyası çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər Qazaxıstanın bu sahədəki liderlik missiyasının bariz nümunəsidir.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Azərbaycan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın biznes icmaları, eləcə də Türk İnvestisiya Fondu və Türk dünyası bələdiyyələri İttifaqının rəhbərləri ilə keçirdiyi görüşlər TDT daxilində real və praktik iqtisadi əməkdaşlığa yönəlmiş mühüm platforma rolunu oynadı.

Görüşlər zamanı ticarətin genişləndirilməsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsi və dövlətlərarası razılaşmaların konkret iqtisadi layihələrə çevrilməsi məsələləri xüsusi diqqət mərkəzində oldu.

Bu baxımdan, Qazaxıstanın təşəbbüsü ilə Türk İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi ideyası üzv ölkələr üçün dayanıqlı iqtisadi inkişafın mühüm aləti kimi dəyərləndirildi.

Qazaxıstan həmçinin nəqliyyat-logistika marşrutlarının inkişafı, turizm sənayesinin genişləndirilməsi, sənaye kooperasiyası, rəqəmsallaşma və süni intellekt kimi innovativ həllərin tətbiqi istiqamətində də ortaq yanaşmanın formalaşdırılmasını ardıcıl şəkildə təşviq edir.

Bu yanaşma TDT-ni yalnız siyasi və mədəni birlik deyil, eyni zamanda real iqtisadi güc mərkəzinə çevirməyi hədəfləyir.

Görüşlərin yekununda tərəflərin TDT çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə hazır olduqlarını bəyan etməsi, xüsusilə də bu prosesin mərkəzində Qazaxıstanın dayanması, təşkilatın gələcək inkişaf perspektivlərinə ciddi impuls verir.

Qazaxıstanın ardıcıl təşəbbüskarlığı və strateji baxışı sübut edir ki, türk dünyasının iqtisadi birliyi məhz bu cür məsuliyyətli və uzaqgörən liderlik sayəsində reallığa çevrilir.

Qəvami Sadıqbəyli / Azərbaycan