RƏSMİ

28 Noyabr

TDT ölkələrinin 2025-ci il üzrə Fəaliyyət Planının icrasına böyük önəm veririk - Ferhat Pirinççi

28 noyabr 2025-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli nümayəndələrinin 7-ci toplantısı keçirilib.

Finss.az xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini, professor Ferhat Pirinççi çıxış edib.

O, türk dövlətləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb:

“Bu toplantı yalnız bir iş platforması deyil; ortaq könül coğrafiyamızın kommunikasiya, media və informasiya sahəsində daha güclü bir birlik yaratması üçün strateji bir addımdır.”

F.Pirinççi TDT-nin son illərdə güclənən rolunu belə ifadə edib:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatımız artıq regional çərçivəni aşaraq qlobal aktora çevrilmək yolunda irəliləyir və nümunəvi əməkdaşlıq modeli kimi formalaşır.”

F.Pirinççi UNESCO-nun qərarına da münasibət bildirib:

“Bu münasibətlə UNESCO tərəfindən 15 dekabrın "Dünya Türk Dil Ailəsi Günü" elan edilməsinə görə duyduğum məmnuniyyəti ifadə etmək istəyirəm. Bu mənalı qərar Türk Dünyası üçün böyük bir qazanımdır və türk dilinin zənginliyini, qədim mədəni irsini və dünya sivilizasiyaları içindəki mühüm yerini bir daha ortaya qoyur.”

Professor müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətini qeyd edib:

“Bu gün hamımızı yaxından maraqlandıran süni intellekt mənbəli saxta xəbərlər, deepfake videolar və sürətlə yayılan dezinformasiya təkcə ölkələrimizin daxili ictimai rəyini deyil, xarici siyasətimizdən iqtisadi əlaqələrimizə qədər bir çox sahəni təsirləndirir.”

O, media savadlılığının vacibliyini belə ifadə edib:

“Media savadlılığı təkcə informasiyanı istehlak etmək deyil; məlumatı sorğulamaq, mənbəyini araşdırmaq, məzmunun uyğunluğunu qiymətləndirmək və manipulyasiyanı sezə bilmək deməkdir.”

F.Pirinççi TDT ölkələrinin 2025-ci il üzrə informasiya sahəsində Fəaliyyət Planının həyata keçirilməsinə xüsusi əhəmiyyət verdiklərini bildirib:

“Biz, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti olaraq, bütün bu məsələləri əhatə edən TDT Üzv Ölkələrinin 2025-ci il İnformasiya Sahəsində Fəaliyyət Planının icrasına böyük önəm veririk. 2026-cı ildə də Fəaliyyət Planı çərçivəsində töhfələrimizi davam etdirəcəyik.”

Fuad Mədətov
Finss.az