Elm

27 Noyabr

Azərbaycanın biznes tsikllərinin dəyişkənliyi və pul siyasəti şoklarının rolu

Finss.az - UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il üçün 13-cü cild, 2-ci nömrəsində Ramiz Rəhmanov tərəfindən hazırlanan “Azərbaycanın biznes tsikllərinin dəyişkənliyi və pul siyasəti şoklarının rolu” adlı məqalə nəşr edilib.

Tədqiqat Azərbaycanın ümumi ÜDM-i, neft-qaz və qeyri-neft-qaz ÜDM-in onilliklər üzrə dəyişkənliyini təhlil edir və pul siyasəti şoklarının qeyri-neft-qaz sektoru üzərindəki təsirini qiymətləndirir. Məqalədə göstərilir ki, 2000-ci illərin ortalarında neft bumu dövründə ümumi və neft-qaz ÜDM-də dəyişkənlik yüksək olmuş, lakin 2010-cu illərdə hasilatın sabitləşməsi dəyişkənliyin azalmasına səbəb olmuşdur. Qeyri-neft-qaz ÜDM-in dəyişkənliyi isə həmin dövrdə artım göstərmişdir.

2020-ci illərin əvvəllərində neft-qaz hasilatında yenidən artım müşahidə olunmuş, bu isə ümumi və neft-qaz ÜDM-in dəyişkənliyində artıma gətirib çıxarmışdır. Tədqiqat göstərir ki, pul siyasəti şoklarının qeyri-neft-qaz ÜDM-in dəyişkənliyinə təsiri məhduddur və iqtisadiyyatın digər struktur elementləri – fiskal siyasət, əmək məhsuldarlığı, maliyyə innovasiyaları və xarici amillər daha mühüm rol oynayır.