DÜNYA

15 Yanvar

OPEC qlobal neft bazarı üzrə proqnozlarını dəyişmədi

Finss.az xəbər verir ki, OPEC-in aylıq hesabatına əsasən, qlobal neft tələbatı 2026-cı ildə gündəlik 1,38 milyon barel artaraq 106,52 milyon barelə çatacaq. Beləliklə, alyansın analitikləri avqust ayında ilk dəfə açıqlanan ilkin proqnozu təsdiqləmiş olub.

OPEC son hesabatında ümumi neft tələbatı üzrə proqnozlarını dəyişməyərək, onları 2025-ci il üçün 105,14 milyon barel səviyyəsində saxlayıb. Bu göstərici 2024-cü illə müqayisədə gündəlik təxminən 1,3 milyon barel artım deməkdir. 2026-cı il üzrə proqnoz isə 106,52 milyon barel olaraq qalır.

Bununla yanaşı, alyans 2027-ci il üçün qlobal neft tələbatına dair ilk rəsmi proqnozunu da açıqlayıb. OPEC-in qiymətləndirməsinə görə, 2027-ci ildə qlobal neft tələbatı 107,86 milyon barelə çatacaq ki, bu da 2026-cı il proqnozu ilə müqayisədə gündəlik 1,34 milyon barel artım deməkdir.

Mütəxəssislər hesab edirlər ki, qlobal iqtisadi artım, inkişaf etməkdə olan ölkələrdə enerji tələbatının yüksəlməsi və nəqliyyat sektorunda neftə olan ehtiyac orta müddətli dövrdə qlobal neft bazarında tələbatın artımını dəstəkləyəcək.