Finss.az xəbər verir ki, amerikalı iş adamı Todd Boehli və bir qrup BƏƏ investoru LUKOIL-ın xarici aktivlərini almaq üçün konsorsium yaradıblar. Məlumatı The Wall Street Journal iddiaçıları təmsil edən konsaltinq şirkəti Xtellus Partners-ə istinadən yayıb.
Nəşrin məlumatına görə, Boehlinin rəhbərlik etdiyi investor qrupu sövdələşmə ilə bağlı danışıqlara başlamaq üçün ABŞ Maliyyə Nazirliyindən xüsusi lisenziya almaq üçün müraciət edib. Sözügedən lisenziya LUKOIL kimi sanksiya tətbiq oluna bilən şirkətlərin aktivlərinin alqı-satqısı prosesinin qanuni şəkildə aparılması üçün tələb olunur. Hazırda lisenziya hələ təsdiqlənməyib.
WSJ həmçinin qeyd edir ki, konsorsiumda iştirak edən BƏƏ investorlarının adları açıqlanmayıb. Məsələ ilə bağlı tərəflərin əlavə şərh verdiyi bildirilmir.
LUKOIL-ın xarici aktivlərinin mümkün satışı beynəlxalq enerji bazarında diqqət mərkəzində qalır və sövdələşmənin reallaşıb-reallaşmayacağı yaxın aylarda ABŞ-ın lisenziya qərarından asılı olacaq.
