2025-ci ilin sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz tədarükündə mövqeyini qoruyub.
Finss.az Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə Azərbaycandan 958,25 milyon kubmetr təbii qaz idxal edib ki, bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7,44% azalma deməkdir.
Buna baxmayaraq, Azərbaycan aylıq tədarük həcminə görə Türkiyəyə qaz verən ölkələr arasında İranı geridə qoyaraq ikinci yerdə qərarlaşıb və yalnız Rusiya Federasiyasından geri qalır.
Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 807,41 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,02% artım deməkdir. Rusiya Federasiyası isə sentyabr ayında 1,447 milyard kubmetrlə ən böyük tədarükçü statusunu qoruyub.
Beləliklə, Azərbaycan Türkiyənin üç əsas təbii qaz tədarükçüsü sırasında ikinci yeri tutub.
