Finss.az xəbər verir ki, GPT chatbotunun yaradıcısı American OpenAI investorlara ikinci dərəcəli səhm satışını başa vuraraq şirkətin qiymətləndirilməsini 500 milyard dollara çatdırıb və beləliklə, OpenAI dünyanın ən dəyərli özəl şirkəti statusunu əldə edib.
Səhm satışında işçilərə iki ildən artıq müddət saxladıqları səhm paketlərini satmaq imkanı verilib. Ümumilikdə 6,6 milyard dollar dəyərində səhm satılıb, lakin satışın maksimum həcmi 10,3 milyard dollar olaraq nəzərdə tutulmuşdu.
Bu səhm satışını Thrive Capital, SoftBank, Dragoneer Investment Group, MGX və T. Rowe Price kimi böyük investorlar konsorsiumu həyata keçirib.
Qeyd edək ki, OpenAI-nin aprel ayında tamamlanan əvvəlki investisiya raundu zamanı şirkətin qiymətləndirilməsi 300 milyard dollar səviyyəsində idi.
OpenAI-nin hazırkı 500 milyard dollarlıq qiymətləndirməsi onu dünyanın ən dəyərli özəl şirkəti edir. Əvvəl bu göstəricidə liderliyi 456 milyard dollar dəyərində qiymətləndirilən SpaceX şirkəti saxlayırdı.