BİZNES

30 Sentyabr

Naxçıvanda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

Finss.az - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Biznes Mərkəzində “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.

Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, həmçinin Express Bank və “FİNCA Azerbaijan” bank olmayan kredit təşkilatının nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər. Müzakirələrdə aqrar sahəyə göstərilən dəstək alətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı kənd təsərrüfatında mövcud subsidiya mexanizmləri, onların tətbiqi qaydaları və elektron sistem üzərindən fermerlərə çatdırılması prosesi diqqət mərkəzində olub. Qeyd edilib ki, subsidiya mexanizmləri kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına, məhsuldarlığın artırılmasına və fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Maliyyə dəstəyi alətləri panelin əsas mövzularından biri olub. Fermerlərə təqdim edilən güzəştli kreditlər, investisiya layihələrinin maliyyələşməsi və kənd təsərrüfatı texnikası, damazlıq heyvanlar, müasir suvarma sistemlərinin alınması üçün tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.

Müzakirələrin digər istiqaməti aqrar sığorta mexanizmləri olub. Fermerlərə sığortanın əhatə etdiyi risklər, təbii fəlakətlər və zərər hallarında həyata keçirilən ödəniş mexanizmləri barədə geniş izahat verilib. Sığortanın fermerlər üçün risklərin azaldılmasında mühüm rol oynadığı vurğulanıb.

Panel çərçivəsində kənd təsərrüfatı məhsullarının keyfiyyəti və təhlükəsizliyi, istehsal və satış prosesində tətbiq olunan normativlər, qida təhlükəsizliyi standartlarının fermerlər üçün əhəmiyyəti də diqqətə çatdırılıb.

Fermerlərin məşğulluq imkanlarının artırılması, kənd yerlərində işçi qüvvəsinə çıxış, təlimlər və maarifləndirici proqramların rolu da müzakirə olunan mövzular sırasında yer alıb.

Panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib. Fermerlər subsidiya, kredit, sığorta və digər dövlət dəstəyi mexanizmləri ilə bağlı çoxsaylı suallar ünvanlayıblar və mövcud imkanlardan istifadə mexanizmləri barədə praktiki bilgilər əldə ediblər.