Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%, pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb.
2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (210,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (124,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (32 milyon ABŞ dolları) ikinci, pambıq lifi (16,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon ABŞ dolları, Türkiyəyə 394,5 milyon ABŞ dolları, İsveçrəyə 220,2 milyon ABŞ dolları, Gürcüstana 216,4 milyon ABŞ dolları, Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin avqust ayında Rusiya Federasiyasına 97,4 milyon ABŞ dolları, Türkiyəyə 54,8 milyon ABŞ dolları, İsveçrəyə 33,6 milyon ABŞ dolları, Gürcüstana 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 21,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
"Prime Cotton" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, “STP Alüminium” MMC, “TABATERRA”QSC, “Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,3 milyon ABŞ dolları ilə Lüksemburq, 569,5 min ABŞ dolları ilə Nigeriya, 537,9 min ABŞ dolları ilə Türkiyə, 530,4 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

