Finss.az xəbər verir ki, investorlar avqust ayına dair iqtisadi statistikaları müsbət qiymətləndirdikdən sonra ABŞ fond indeksləri həftənin son ticarət günündə əhəmiyyətli artım göstərib.
ABŞ Ticarət Departamentinin məlumatına əsasən, avqust ayında ölkədə gəlirlər aylıq 0,4%, xərclər isə 0,6% artıb. Bu göstəricilər analitik proqnozları üstələyərək, bazarlarda optimizm yaradıb. Xatırladaq ki, iyul ayında xərclər 0,5%, gəlirlər isə 0,4% artmışdı.
İnflyasiyanın əsas göstəricilərindən biri olan PCE (İstehlak Qiymətləri İndeksi) avqust ayında 0,3% aylıq və 2,7% illik artım göstərib. Ərzaq və enerjini istisna edən PCE Core indeksi isə 0,2% aylıq və 2,9% illik artıb, bu da analitiklərin proqnozları ilə üst-üstə düşür.
Federal Ehtiyat Sistemi (FED) inflyasiya göstəricilərini əsas götürərək qərar verdiyi üçün bu nəticələr faiz dərəcələrinin endirilməsi ehtimalını gücləndirir. Trading Economics-in məlumatına görə, bu göstəricilər FED-in növbəti görüşlərdə iki dəfə faiz endirimi etməsi ehtimalını artırır.
Bu statistik dinamika ABŞ fond bazarlarının qısamüddətli müsbət performansını izah edir və investorlar üçün əhəmiyyətli siqnallar verir.