BİRJA

15 Yanvar

İran gərginliyi neft bazarını silkələdi: Brent və WTI bahalaşır

Finss.az xəbər verir ki, geosiyasi risklərin artması fonunda qlobal neft bazarında qiymətlər ardıcıl beşinci ticarət sessiyasında da yüksəliş nümayiş etdirir. Yaxın Şərqdə gərginliyin artması investorların narahatlığını gücləndirib.

Moskva vaxtı ilə saat 14:24-ə olan məlumata görə, London ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçersləri 0,73 dollar (1,12%) bahalaşaraq barel üçün 66,20 dollara çatıb. NYMEX birjasında fevral ayı üçün WTI fyuçersləri isə 0,71 dollar (1,16%) artaraq 61,86 dollar səviyyəsində ticarət olunub.

Qeyd edək ki, çərşənbə axşamı günü hər iki əsas neft markasının qiyməti 2%-dən çox artıb. Buna səbəb İranda davam edən kütləvi iğtişaşlar və vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqlar olub.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran etirazçılarını hökumət hakimiyyətini ələ keçirməyə çağıraraq onlara dəstək verəcəyini bəyan edib. Buna cavab olaraq İranın müdafiə naziri Əziz Nəfizadə bildirib ki, ABŞ İran ərazisinə yenidən hücum edərsə, Tehran Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbə endirəcək.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə mümkün eskalasiya neft tədarükü ilə bağlı riskləri artırır və bu amil yaxın müddətdə neft qiymətlərinə əlavə dəstək verə bilər.