BANK

15 Yanvar

Avstriya Azərbaycana 21,8 milyon dollar investisiya qoyub

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,809 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,894 milyon dollar və ya 29% azalma deməkdir.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcminin 0,5%-i Avstriyadan reallaşıb.

Öz növbəsində Azərbaycan 2025-ci ilin yanvar-sentyabr aylarında Avstriya iqtisadiyyatına 3,740 milyon dollar sərmayə yatırıb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 milyon dollar və ya 13 dəfə azalma göstərir. Avstriyaya yatırılan Azərbaycan investisiyalarının ümumi xarici investisiyalar içində xüsusi çəkisi isə 0,2% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım göstərir.

Fuad Mədətov
Finss.az