BANK

30 Sentyabr

Qırğızıstandan Azərbaycan iqtisadiyyatına investisiyalar əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 78 dəfə artım deməkdir. Hesabat dövründə Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin Qırğızıstan investisiyalarının payı 0,2% təşkil edib.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil etmişdi.

Cari ilin ilk yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 3 milyard 222 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244 milyon 295 min ABŞ dolları və ya 8,2% artım deməkdir.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəlmiş birbaşa xarici investisiyaların həcmi isə 1 milyard 350 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2% artım deməkdir.

Fuad Mədətov
Finss.az