RƏSMİ

13 Yanvar

2026-cı ildə neftin qiymət dəyişməsi Dövlət Neft Fondunun gəlirlərinə 0,5 mlrd. ABŞ dolları təsir edə bilər - HP

Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1 barel neftin orta illik ixrac qiymətində hər 5,0 ABŞ dolları dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 milyard ABŞ dolları dəyişiklik yaradır.

Finss.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə rəyinə əsasən xəbər verir ki, beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənilməsi fonunda, Azərbaycan Respublikası Dövlət Neft Fondu büdcəsinin baza ssenarisini konsensus diapazonun yuxarı həddi olan 65,0 ABŞ dolları qiymət fərziyyəsi əsasında proqnozlaşdırıb.

“Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən biri kimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65,0 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq gəlirlər proqnozlaşdırılmışdır. Baza ssenarisi üzrə ARDNF-nin gəlirləri 13,03 mlrd. manat (təxminən 7,67 mlrd. ABŞ dolları), xərcləri isə 13,02 mlrd. manat (təxminən 7,66 mlrd. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır”, - məlumatda vurğulanıb.

Fuad Mədətov
Finss.az