DÜNYA

15 Yanvar

Rusiya–Çin balıq ticarəti genişlənir

Finss.az xəbər verir ki, Rosselxoznadzorun (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Çinin Baş Ərazi Administrasiyasının qərarına istinadən yaydığı məlumata görə, Çin 13 Rusiya balıqçılıq şirkətinə öz məhsullarını ölkə bazarına tədarük etmək üçün icazə verib.

Məlumata əsasən, Saxalin vilayətindən altı şirkət, o cümlədən iki soyuducu nəqliyyat gəmisi, həmçinin Kamçatkadan üç balıqçılıq şirkəti bu icazəni alıb. Digər şirkətlər isə Primorsk diyarı, Murmansk vilayəti və Arxangelsk vilayətində fəaliyyət göstərir.

Qeyd olunur ki, yeni təchizatçılar Çinin CIFER informasiya sistemi vasitəsilə rəsmi qeydiyyata alınıb. Bununla da, Çinə Rusiya balıq və dəniz məhsulları ixrac edən şirkətlərin ümumi sayı 939-a çatıb.

Rosselxoznadzorun məlumatına görə, Rusiya 2025-ci ildə 1,5 milyon tondan çox balıq və dəniz məhsulları ixrac edib. Bu həcmin 843 min tonu, yəni yarıdan çoxu Çin bazarına göndərilib. Statistik göstəricilər Çin bazarının Rusiya balıq sənayesi üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir.