Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Tadawul All Share indeksi Bloomberg-in ölkədə xarici sərmayədarlığa qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi xəbərlərdən sonra 5% artıb. Bu artım nəticəsində fond bazarının kapitallaşması bir gündə 123 milyard dollar yüksəlib.
Hal-hazırda Səudiyyə Ərəbistanının açıq səhmdar şirkətlərində xarici sərmayədarlığın səviyyəsi 49% ilə məhdudlaşdırılıb. Bloomberg fond bazarının tənzimləyicisinin idarə heyətinin üzvünə istinadla xəbər verir ki, bu məhdudiyyətlər 2025-ci ilin sonuna kimi ləğv oluna bilər.
Məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq, beynəlxalq sərmayəçilər Səudiyyə bazarına böyük həcmdə kapital yatırmaq niyyətindədirlər. JPMorgan investisiya şirkəti bu vəsaitin 10,6 milyard dollar civarında ola biləcəyini bildirir. EFG Hermes isə yeni investisiyaların təxminən 10 milyard dollar həcmində olacağını proqnozlaşdırır.
Sərmayə axınının artması, Səudiyyə Ərəbistanının Vision 2030 iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirdiyi layihələrə də dəstək verəcək. Bu addım həmçinin, Tadawul All Share indeksinin beynəlxalq rəqabət qabiliyyətini artıracaq və ölkənin maliyyə bazarının şəffaflığını gücləndirəcək.