YAZARLAR

08 Oktyabr

Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

 

İki ölkənin xalqlarının eyni etnik kökə, dil və dinə, eləcə də oxşar adətlərə sahib olması, bir-birinə yaxın coğrafiyada yerləşməsi dövlətlər arasında münasibətlərin də yüksək səviyyədə olmasına əsas yaradıb.
 

Artıq 30 ildir ki, iki qardaş ölkə arasında münasibətlər qurulub və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.
 

İki ölkə arasında diplomatik əlaqələrin təməli 1995-ci ilin oktyabr ayının 2-də qoyulub. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
 

Ötən illər ərzində bir neçə dəfə həm Özbəkistanın, həm də Azərbaycanın prezidentlərinin qarşılıqlı səfərləri olub, səfərlər zamanı dövlətlər arasında müxtəlif əhəmiyyətli sənədlər imzalanıb.
 

Qardaş ölkələr arasında münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlhamÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin səylərinin xüsusi rolu var.
 

Özbəkistanla əlaqələrin inkişafı Ş.Mirziyoyevin prezident seçilməsindən sonra daha geniş vüsət alıb. Ş.Mirziyoyevin prezident seçilməsinə qədər də ölkələr arasında münasibətlər yaxşı idi. Amma 2016-cı ildə Ş.Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsi ilə ölkənin xarici siyasətində yeni bir mərhələ başladı. Mirziyoyevin açıq, əməkdaşlığa yönələn və regional inteqrasiyanı təşviq edən siyasəti Azərbaycanla münasibətlərin də sürətlə inkişaf etməsinə zəmin yaratdı. Bu dövr, iki ölkə arasında münasibətlərin diplomatik səviyyədən strateji tərəfdaşlığa yüksəldiyi bir mərhələdir.

Özbəkistan dövlət başçısının regional əməkdaşlığa önəm verməsinin vurğusunu Ş.Mirziyoyevin BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında çıxışında da görmək olur.
 

Ş.Mirziyoyev çıxışında qeyd edib ki, beynəlxalq tranzit dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi və səmərəli logistik təchizat zəncirlərinin yaradılması çox vacibdir. Özbəkistan rəhbəri bu baxımdan “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nəqliyyat əlaqələrinin gücləndirilməsi” üzrə qlobal mexanizmin həyata keçirilməsinin vaxtının çatdığını deyib.
 

Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri rəsmi olaraq 2023-cü ildə Daşkənddə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə təsbit olunub.
 

Bu sənəd iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdığını göstərir. Prezident İlham Əliyev 2025-ci ilin iyulunda Ş.Mirziyoyevin Azərbaycana səfəri zamanı bu müqaviləni “istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd” adlandırıb və vurğulayıb ki, Azərbaycan və Özbəkistan artıq rəsmi müttəfiqlərdir.
 

Ş.Mirziyoyevin prezidentliyi dövründə Azərbaycana etdiyi səfərlər iki ölkə arasında münasibətlərin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Bu səfərlər təkcə diplomatik jestlər deyil, həm də konkret layihələrin icrası və regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
 

Özbəkistan prezidenti Azərbaycana, xüsusən son 2 ildə bir neçə dəfə səfər etməklə ikitərəfli münasibətlərin genişləndirilməsinə, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə nail olub.
 

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin yaranması Türk Dövlətləri Təşkilatının (TDT) daxilində regional inteqrasiyanın aparıcı xəttinə çevrilib. Bu prosesin lokomotivində iki ölkə liderlərinin siyasi iradəsi, uzaqgörənliyi və ardıcıl diplomatik fəaliyyəti dayanır. Prezident İlham Əliyev ikitərəfli münasibətləri “strateji dərinlik” prinsipi üzərində quraraq suverenlik və ərazi bütövlüyü məsələlərində tam həmrəylik nümayiş etdirib, çoxtərəfli platformalarda (TDT, Qoşulmama Hərəkatı və s.) Bakı–Daşkənd koordinasiyasını sistemli şəkildə gücləndirib. Prezident Ş.Mirziyoyev isə Özbəkistanda genişmiqyaslı islahat gündəmini regional əməkdaşlıqla sinxronlaşdıraraq iqtisadi açıqlığı, logistika əlaqələrini və sənaye kooperasiyasını prioritetə çevirib.
 

Liderlərin müntəzəm yüksək səviyyəli görüşləri, imzalanmış yol xəritələri və sektorlar üzrə işçi mexanizmlər ticarət dövriyyəsinin artımını, birgə müəssisələrin çoxalmasını və nəqliyyat-logistika sinerjisini sürətləndirib. Orta Dəhliz, Transxəzər marşrutu və multimodal daşımalar üzrə razılaşmalar Xəzər və Mərkəzi Asiya məkanında yük-sərnişin axınını optimallaşdırır.
 

İqtisadi əlaqələrin genişlənməsi xarici ticarət əməliyyatlarında da özünü göstərməyə başlayıb. 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 82 milyon dollar olduğu halda, 2024-cü ildə 252 milyon dollara yüksəlib. 2025-ci ilin yanvar-avqust aylarını əhatə edən 8 ay ərzində isə ticarət dövriyyəsi 292 milyon dollara çatıb.
 

Mədəni-humanitar xətt də iki ölkə arasında yaranan vizyonunun ayrılmaz hissəsidir. Ortaq türk-müsəlman irsinin qorunması, təhsil və elmi mübadilələr, gənclər düşərgələri, qardaş şəhərlər şəbəkəsi və turizm təşəbbüsləri xalqlar arasında etimadı dərinləşdirir.
 

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi sabitliyə, inkişaf yönümlü islahatlara və “yaşıl keçid”ə verdiyi dəstək müdafiə-sənaye, rəqəmsal ticarət, enerji səmərəliliyi və iqlim gündəliyində konkret nəticələr doğurur.
 

Nəticə etibarilə, Azərbaycan–Özbəkistan tərəfdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, bütövlükdə Türk dünyasında birlik, rifah və regional dayanıqlılıq üçün strateji model kimi formalaşır.

Aylin